Fuad Əfəndiyev
Fuad Əfəndiyev
“Sevinc bizi həyatın hər bir vurğusuna
həssas edərək bədəni inkişaf etdirir, bərkidir”
Əfəndiyev Fuad
Həyat fəlsəfəsi, mənəvi dünyası, elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Fuad Əfəndiyevin fıtri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfıyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Fuad Əfəndiyevin zəngin elmi irsi, hematologiya və cərrahiyyə aid müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir
Əfəndiyev Fuad Ələddin oğlu 1909-cu il fevralın 23-də Tiflis quberniyasının Axaltsix qəzasının Atsxuri kəndində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdir.
F.Əfəndiyev fəlsəfə (1934) və elmlər doktorluğu (1942) dissertasiyalarını müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür.
Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1959) seçilmişdir.
F.Əfəndiyev Azərbaycan Dövlət Tibb İnstitutunun 2-ci fakültativ cərrahiyyə (indiki Cərrahi xəstəliklər) kafedrasının müdiri (1944-1963), ET Hematologiya və Qanköçürmə İnstitutu direktorunun müavini (1960), Respublika Qanköçürmə stansiyasının direktoru, Elmi Tədqiqat Vərəm İnstitutunun Ağciyər cərrahiyyəsi şöbəsinin müdiri, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı (1943-1952), 4-cü Baş İdarəsi Cərrahiyyə şöbəsinin müdiri (1946-1963) olmuşdur.
F.Əfəndiyev döş qəfəsi cərrahiyyəsi, ürək cərrahlığı və qanköçürmə sahəsində beynəlxalq miqyasda tanınan görkəmli alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini döş qəfəsi xəstəliklərinin müalicəsi və cərrahlığı, hematologiya, qanköçürmə, qanın laxtalanması problemlərinin tədqiqi təşkil etmişdir. O, həmçinin ağciyər vərəminin cərrahi müalicəsi, plevranın empiyeması, ağciyərlərin irinli iltihabı proseslərinin müalicəsi ilə məşğul olmuşdur. Rəhbərliyi altında Azərbaycanda ilk dəfə ürək cərrahiyyəsinin, cərrahi hematologiyanın, anesteziologiyanın, eksperimental cərrahiyyənin əsası qoyulmuş və sonralar bu sahələr ayrı-ayrı elmi tədqiqat institutları kimi inkişaf etdirilmişdir. Onun tərəfindən plevra boşluğunda qanın infeksiyalaşmasını asanlıqla təyin etməyə imkan verən orijinal üsul təklif edilmişdir. Bu üsul SSRİ-də və beynəlxalq miqyasda “Əfəndiyev sınağı” kimi tanınmışdır. Alim ağciyər əməliyyatlarını asanlaşdırmaq üçün xüsusi alət və aparatlar yaratmış, hematoraksin ekspres üsulla müalicəsinin mümkün olduğunu göstərmişdir.
F.Əfəndiyev 200-dən çox elmi əsərin, 3 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, elmi-metodik göstərişlərin, ixtira və səmərələşdirici təkliflərin müəllifi olmuşdur. Onun məsləhətçiliyi və rəhbərliyi altında 9 elmlər, 14 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. F.Əfəndiyev dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq qurultay, konfrans və simpoziumlarda məruzələrlə iştirak etmiş, xarici mətbuatda çox sayda məqalələri çap edilmişdir.
F.Əfəndiyev Hematoloqların Beynəlxalq Cəmiyyətinin, Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü olmuş, iki dəfə Bakı Şəhər Sovetinin, 4 cağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Respublikanın Əməkdar həkimi, Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, “Qırmızı Ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Qafqazın müdafiəsi uğrunda”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalları və “SSRİ Səhiyyə Əlaçısı”, “SSRİ Sanitar Müdafiə Əlaçısı” döş nişanları ilə təltif edilmişdir. F.Əfəndiyevin monoqrafiya şəklində dərc olunan elmlər doktorluğu dissertasiyası, eləcə də böyük nəzəri və praktiki əhəmiyyətə malik olan hematorakslar zamanı təklif etdiyi “ekspress” metod SSRİ Tibb Elmləri Akademiyası tərəfindən “Akademik N.N.Burdenko adına mükafata” (1949) layiq görülmüşdür.
F.Əfəndiyev Moskvadan Azərbaycana gəlmiş akademik Petrovski ilə birgə xəstə üzərində ağır ürək əməliyyatı apararaq daha bir xəstəni ölümdən qurtarmış, lakin təəssüf ki, elə həmin gün – 1963-cü il sentyabrın 20-də böyük alimin özü qəflətən vəfat etmişdir.
Akademik F.Əfəndiyev dövrünün müasir görkəmli alimi olmuşdur ,azərbaycan elminin zirvəsində duran tədqiqatçılardan idi.
Hazırda Azərbaycan Təbabəti Muzeyinin stend və vitrinlərində görkəmli alim Fuad Ələddin oğlu Əfəndiyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.