Muzey Haqqında
Azərbaycan Təbabəti Muzeyi Azərbaycan xalqının mədəni irsinin mühüm hissəsini, qədim dövrlərdən başlamış bugünkü günə qədər respublikanın tibb və səhiyyənin inkişaf tarixinin, habelə Azərbaycan alimlərinin vətən və dünya elmindəki nailiyyətlərini işıqlandırmaq və əks etdirmək məqsədilə təşkil olunmuşdur.
Muzey keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir. Bu müalicəxanada görkəmli dövlət xadimi Nəriman Nəcəfqulu oğlu Nərimanov 1914-1917-ci illər arasında Həştərxan sürgünündən sonra həkim kimi fəaliyyət göstərmişdir. Bunu muzeyin giriş hissəsində qranit baralyef üzərindəki xatirə lövhəsi bir daha təsdiq edir.
Ekspozisiya Asklepi (qədim yunan mifologiyasına görə sağlamlıq allahı) və onun qızları Gigiyeya və Panagiyanın təsviri olan baralyeflə başlayır.
Birinci zalda Hippokratın, Əbu Əli ibn Sinanın büstləri, “Həkim elminin qanunu” adlı əsərinin 1143-cü ilə aid olan cildlərindən birinin əlyazmasının fotosurəti nümayiş etdirilir. Əlyazmanın əsli Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar fondunda saxlanılır. Frizlərdə qədim yunan və Roma tibbinin ayrı-ayrı elementləri, həmçinin, orta əsrlər Şərq və Qərbi Avropa renesans dövrünə aid şəkillər təsvir olunmuşdur.
Kənd ailə məişətinin nümunəsi olan diaramada isə xalq təbabətinin metodlarından birinin təsvirini görürük.
Azərbaycan qədim dövrlərdən özünün dərman bitkiləri ilə məşhurdur. Ekspozisiyada Qarabağda və digər bölgələrimizdə bitən dərman bitkilərindən bir qismi nümayiş etdirilir.
Muzeyə gələnlərin nəzərini orta əsr cərrahlıq alətləri, xalq həkimləri Qayıbovlar sülaləsinin, onların müalicə məqsədləri üçün istifadə etdikləri şəxsi əşyaları cəlb edir. Daha sonra burada əsli Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar fondunda saxlanan Azərbaycan həkimlərinin (XIII-XIX əsr) ayrı-ayrı tibbi traktatlarını görmək mümkündür.
Bu zalda XIX əsrin II yarısında Rusiyanın müxtəlif universitetlərində və xaricdə təhsil alan ilk azərbaycanlı həkimlərin – Abdul Xalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı
Məmmədrza Vəkilovun, Bəhram Axundovun, Kərimbəy Mehmandarovun, İbrahim Rəhimovun, ilk sanirtar həkim Mustafa Şərifovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları nümayış etdirilir.
Sinir və kardiologiya sahələrini elmi eksperimentlərlə zənginləşdirən görkəmli alim, Kazan Universitetinin professoru Mirzə Kazım bəyə ayrıca bölmə həsr olunmuşdur.
Xüsusi diaramada biz 1917-ci il inqilabına qədərki Bakı neft mədənlərində işləyən fəhlələrin ağır həyat şəraiti ilə tanış oluruq.
Eyni zamanda bu zalda Azərbaycanın ilk diplomlu qadın həkimləri haqqında məlumat almaq olar.
Növbəti zal Bakı Soveti neft sənayesi işçiləri qurultayının qərarına əsasən müasir tibbi avadanlıqlarla təchiz olunmuş ilk Azərbaycan tibb müəssisələrinin təşkilinə həsr olunmuş eksponatlarla başlayır. Ekspozisiya bizi burada işləyən müxtəlif millətlərə mənsub həkimlərin fəaliyyəti ilə də tanış edir. Burada, həmçinin, Ramanı feldşer məntəqəsinin təsvir olunduğu fotoşəkil də nümayiş etdirilir. XX əsrin əvvəllərində Rusiyanın müxtəlif şəhərlərində təhsil almış azərbaycanlı həkimlərin fotoşəkilləri də maraq doğurur.
Görkəmli cərrah, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımova, Azərbaycanda pediatriyanın əsasını qoyan tibb elmləri doktoru Yevsey Gindesə, Azərbaycanın ilk Səhiyyə Naziri olmuş Xudadatbəy Rəfibəyova də ayrıca bölmə həsr olunmuşdur.
1914-cü ildə vəba xəstəliyi dövründə tikilmiş 19-cu barakın lazareti, yoluxucu xəstəliyə tutulmuş xəstənin yerləşdirilməsinə həsr olunmuş diarama nümayiş etdirilir. Stendlərdə XX yüzilliyin əvvəllərində Azərbaycan həkimlərinin işlətdikləri tibbi alətləri görürük.
Növbəti zalda Xalq Komissarları Sovetinin nəzdində təşkil olunmuş Azərbaycan İnqilab Komitəsinin yaradılmasından bəhs edilir. Burada Azərbaycan İnqilab Komitəsinin apteklərin milliləşdirilməsi haqqında ilk dekreti, Xalq Komissarlığının 1920-ci il 29 aprel tarixli ilk əmri, Bakı Universitetinin ilk rektorları V.İ. Razumovski və Davidenkovun fotoşəkilləri nümayiş etdirilir. Eyni zamanda, Bakı
Universitetinin (1922-ci ildən Azərbaycan Universiteti) tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti, ilk elmi–tədqiqat institutlarının fəaliyyəti ilə tanış olmaq mümkündür. Universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbaziyə və görkəmli dövlət xadimi, ədib və həkim N.Nərimanova xüsusi stendlər həsr olunmuşdur. Zalda N. Nərimanov və dövlət xadimi Q.Musabəyovun büstləri qoyulmuşdur. Onların hər ikisi Azərbaycan Xalq Komissarları Sovetinin sədrləri olmuşlar.
Digər zal keçmiş ittifaqın xalq Səhiyyə Komissarı N. A. Semaşko ilə Azərbaycan Səhiyyə Komissarı M. Qədirlinin (İsrafilbəyov) birlikdə portreti ilə başlyır.
1934-1936-cı illərdə kənd əhalisinə sanitariya xidmətini yaxşılaşdırmaq məqsədilə təşkil olunmuş “Göyçay hərəkatı”na ayrıca bölmə həsr olunmuşdur. Burada Azərbaycan Dövlət Tibb Universitetinin ayrı-ayrı kafedraları, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu təşkili və fəaliyyətindən söhbət açılır. Daha sonra bu zalda Qırmızı Aypara cəmiyyətinin təşkilinə həsr olunmuş materiallar təqdim olunur.
Muzeyin bəzi eksponatları bizi görkəmli alim, həkim Sonaxanım Vəlixanın elmi yaradıcılıq yolu ilə tanış edir. Burada, həmçinin, oftalmoloq,professor Umnisə Musabəyovanın 30-cu illərdə Berlində nəşr olunan elmi əsərləri nümayiş etdirilir.
Təbii sərvətlərlə zəngin olan respublikamızda çıxan Naftalan nefti dünya şöhrəti qazanmışdır. Naftalan sanatoriyasının açılışı da bu dövrə təsadüf edir. Naftalan nefti haqqında ilk məlumata Heradotun və Plutarxın əsərlərində rast gəlmək mümkündür. Onun müalicəvi əhəmiyyətindən Nizami Gəncəvi poemalarında da danışılır. Naftalan neftinə bu zalda xüsusi stend və vitrin həsr edilmişdir.
Böyük Vətən müharibəsi illərində Azərbaycan zəhmətkeşləri alman-faşist işğalçılarına qarşı mübarizədə döyüşən ordunu təkcə yanacaq-sürtkü materialları ilə deyil, eyni zamanda böyük insan qüvvəsi, tibb işçiləri ilə də təchiz edirdi.
VI zalda ön və arxa cəbhədə borclarını şərəflə yerinə yetirən tibb işçiləri haqqında onlarca maraqlı eksponat vardır. Burada Kerç boğazını keçərkən göstərdiyi igidliyə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Səməd Abdullayevin, 1945-ci ildə Almaniyada yaralıları xilas edərkən həlak olan (Sovet İttifaqı Qəhrəmanı) Məmməd Məmmədovun fotoşəkilləri nümayiş etdirilir.
Bu zalda Bakı vağzalına sanitar qatarı ilə yaralıların gətirilməsi, həmçinin, akademik Topçubaşovu əməliyyat zamanı əks etdirən maket-diaramalar ilə tanış oluruq. Diqqəti cəlb edən eksponatlardan biri də partizan-həkim Aliyə Rüstəmbəyovanın “Baba” partizan dəstəsindəki fəaliyyətindən bəhs edən materiallardır.
Böyük Vətən Müharibəsindən sonrakı dövrdə respublikada müalicə-profiklaktika müəssisələrinin tikilməsinə və bərpasına başlanılır. Həkim və orta tibb işçilərinin hazırlanmasına böyük diqqət verilir. Şəhərdə olduğu kimi, kənd yerlərində də yeni tibb müəssisələri tikilir, ana və uşaqların mühafizəsi ön plana çəkilir. Azərbaycanda tibb elminin inkişafında Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, İvan İlyin, Cahangir Abdullayev, Hüseyn Əliyev, Rüstəm Əliyev, Fuad Əfəndiyev, Umnisə Musabəyova, Əbülfəz Qarayev, Kamil Balakişiyev, Vəli Axundov, Bahadur Sultanov, Adilə Namazova böyük rol oynamışlar. Bütün bu şəxslər haqqında muzeydə müharibədən sonrakı dövrə həsr olunmuş zaldakı materiallar məlumat verir. 1935-ci ildən 1938-ci ilədək Azərbaycan Tibb İnstitutuna rəhbərlik etmiş, Azərbaycan Dövlət Universitetinin rektoru və Azərbaycan SSR Xalq Səhiyyə Komissarı olmuş Əziz Əliyevə xüsusi stend və vitrin həsr olunmuşdur.
Azərbaycan uzunömürlülər diyarıdır. Bakıda, böyük sənaye şəhərində professor Şükür Həsənovun rəhbərliyi altında sağlamlıq zonası yaradılmışdır. Bu barədə materiallarla tanış ola bilərsiniz.
Zaldakı stendlərdən biri isə Azərbaycanın Şuşa, Kəlbəcər və digər rayonları, Abşeronda yerləşən sanatoriyaların fəaliyyətini əks etdirir. Eyni zamanda burada Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti M. Mirqasımovun və görkəmli dövlət xadimi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Ə. M. Əliyevin büstləri qoyulmuşdur.
Növbəti zal ulu öndər Heydər Əliyevə həsr olunmuşdur. Respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Belə ki, onun rəhbərliyi dövründə Bakıda və digər şəhərlərdə ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlər açılmış və o dövr üçün ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuşdur. Həmçinin, keçmiş ittifaqda və xarici ölkələrdə çoxsaylı yüksək ixtisaslı kadrlar hazırlanmışdır. Sahə həkimlərinin I qurultayı, Oftalmoloqların konfransı, Kardioloji ETİ-nin və s. açılışı məhz bu dövrə təsadüf edir. Burada Heydər Əliyevin müxtəlif konfranslarda iştirakı, tibb işçiləri ilə, dünya şöhrətli M. Rastrapoviç, Maykl Debeyki və İhsan Doğramacı ilə görüşlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Azərbaycanda oftalmologiyanın inkişafı sahəsində əvəzsiz xidmətləri olan Əməkdar elm xadimi, M. İ. Averbax adına mükafata layiq görülmüş akademik Zərifə Əliyevanın isə müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər, elmi fəaliyyətinə dair sənədlər də bu zalda nümayiş etdirilir. Zərifə Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 14 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapmışdır.
Əminliklə deyə bilərik ki, ümummili lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yeni tikilən, ən müasir avadanlıqlarla təchiz edilən tibb müəssisələri, yüksək ixtisaslı tibb işçilərinin hazırlanması və onların təkmilləşməsi üçün görülən işlər bunun sübutudur. Muzeyin sonuncu zalında dövlət başçısı İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə açılmış, əsaslı təmir olunmuş tibb ocaqlarının fotoşəkilləri təqdim olunur. Stendlərdə Diaqnostika Mərkəzinin, Milli Oftalmologiya Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyə korpusunun, Bakl Sağlamlıq Mərkəzinin, Naxçıvan MR, Cəlilabad, Göygöl, Yevlax və digər rayonlarımızda tikilən tibb ocaqlarının açılışı zamanı çəkilən şəkillər nümayiş etdirilir. Prezident İlham Əliyevin səhiyyə islahatlarının aparılması yönündə verdiyi sərəncam və fərmanların layiqincə yerinə yetirilməsi üçün var gücü ilə çalışmışdır və bu işlər uğurla davam etdirilməkdədir.
Muzeyin ekspozisiyası I və II Qarabag müharibəsində şəhid olan həkiml şəxslər haqqında məlumatla yekunlaşır.
Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. Onun qorunması isə gələcək nəslin onu nə dərəcədə qavraması və qəbul etməsindən asılıdır. Muzey mədəni irsə münasibəti formalaşdırır, keçmişə maraq və hörmət yaradır.